31/05/2022

Şəhid və qazi övladları üçün tədbir keçirilib


1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Sumqayıt” Futbol Klubu növbəti layihəsini həyata keçirib. Belə ki, “Kapital Bank Arena” da 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın övladları ilə görüş baş tutub. “Sumqayıt” FK, “Azeri Express”, Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı, “Fryday” restoranlar şəbəkəsinin dəstəyi ilə baş tutan tədbirdə 30-dan artıq şəhid və qazi övladları iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himni və 1 dəqiqəlik sükutla start götürən tədbir müxtəlif çıxışlar və musiqili proqramla davam edib. Görüşdə “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, “Azeri Express” şirkətinin rəhbəri Şaiq Qəribzadə, Abşeron Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Cəmilə Fəyyaz, komandamızın futbolçuları Vüqar Bəybalayev, Dmitri Nağıyev və Süleyman Əhmədov da iştirak edib. Görüş zamanı tədbir iştirakçılarına “Sumqayıt” FK-nın və “Azeri Express” şirkətinin hazırladığı xüsusi hədiyyələr təqdim edilib, daha sonra tədbir iştirakçılarına “Fryday” tərəfindən hazırlanmış yemək çeşidləri təqdim edilib.