×

Nihad Əhmədzadə Premyer Liqada meydana çıxan ən gənc futbolçu olub

15 Dekabr 2022

Misli Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Səbail” (2:0) qarşılaşması futbolçumuz Nihad Əhmədzadə üçün əlamətdar olub. “Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçimiz 16 yaş 144 günlüyündə adıçəkilən matçın 80-ci dəqiqəsində Todor Todoroskinin əvəzinə meydana daxil olmaqla Azərbaycan çempionatlarında debüt edib. Nihad, həmçinin cari mövsümdə Premyer Liqada meydana çıxan ən gənc futbolçu ünvanına sahib çıxıb.

Xatırladaq ki, klubumuzun tarixində Nihad Əhmədzadədən öncə Səbuhi və Rüfət Abdullazadələr də ən gənc futbolçu ünvanına sahib çıxıblar. Belə ki, baş məşqçimiz Samir Abasov 2017/2018 mövsümündə “Sumqayıt” FK-nı çalışdırarkən Səbuhi Abdullazadə komandamızın heyətində debüt etməklə Premyer Liqanın tarixinə düşmüşdü. O zaman Səbuhinin 15 yaşı var idi.