×

Danışılmış oyunlar və irqçiliklə bağlı tədbir keçirilib

6 Fevral 2024

“Sumqayıt” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə Danışılmış oyunlar və irqçiliyə qarşı mübarizə üzrə təlim proqramları təşkil edilib. Tədbirlərdə əvvəlcə U-19 və U-17, ardınca isə U-16 və U-15 komandalarımız seminara qatılıb. “Kapital Bank Arena”nın akt zalında təşkil edilmiş tədbirlərdə “Sumqayıt” Futbol Akademiyasının direktoru Hakan Sünal, akademiyanın meneceri Fəxrəddin Həsənov, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli, klubun mətbuat katibi həmçinin Danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Zaur Xudiyev, Sosial məsuliyyət üzrə məsul şəxs Fərhad Bayramov iştirak edib. Görüş zamanı adıçəkilən mövzularda xüsusi təqdimatlar edilib, maarifləndirici çıxışlar aparılıb, aidiyyatı üzrə mövzular geniş müzakirə olunmaqla yanaşı fikir mübadiləsi də aparılıb.

 

“Sumqayıt” Futbol Klubu futbol adına ləkə salan, ümumiyyətlə idman prinsiplərinə zidd olan halları pisləyir, danışılmış oyunlara və irqçiliyə qarşı sonadək mübarizə aparacağını bəyan edir.