×

“Yay Futbol Düşərgəsi” layihəsi keçirilib

10 İyul 2024

“Paşa Həyat Sığorta” ASC və “İkar-Qrup” MMC-nin (“Kəhriz Su”) sponsorluğu, eyni zamanda, “Azərikimya” İB-nin dəstəyi, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin təşkilatçılığı ilə “Sumqayıt” Futbol Klubunun təşkil etdiyi “Yay Futbol Düşərgəsi" layihəsinə yekun vurulub.

 

1 iyul tarixində start götürən və 9 gün müddətində 3 qrup üzrə keçirilən layihənin sonuncu qrupuna daxil olan uşaqlar "Sumqayıt" Futbol Klubunun bazasında müxtəlif əyləncəli tədbirlərə qatılıb, onlar üçün müxtəlif oyunlar, müsabiqələr, ekskursiyalar təşkil olunub. Layihənin sonuncu günündə isə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında bağlanış tədbiri keçirilib.

 

Tədbirdə YAP-ın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyev, Müşahidə Şurasının üzvləri – Telman Salahov, Abdulla Məmmədov, “Paşa Həyat Sığorta” ASC-nin Korporativ Kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədov, “İkar-Qrup” MMC-nin rəhbəri Məzahir Abdullayev, “Kapital Bank” ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin nümayəndələri – İlyas Cəfərli, Kənan Səfərəliyev və digər qonaqlar iştirak ediblər.

 

Tədbir iştirakçıları layihənin önəm və vacibliyi haqqında çıxışlar edib. Daha sonra bütün düşərgə iştirakçılarına "Sumqayıt" Futbol Klubunun, həmçinin sponsorların hazırladığı xüsusi hədiyyələr və diplomlar təqdim edilib. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən məktəb və liseylərin 100-dən artıq oğlan və qız şagirdi iştirak edib.

 

Qeyd edək ki, 2014-cü ildən "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu və "Azərikimya" İB-nin dəstəyi ilə keçirilən layihədə bu müddət ərzində 1000-dən çox məktəbli bu seminarın iştirakçısı olub.