×

“Yay Futbol Düşərgəsi” layihəsi keçirilib

5 Sentyabr 2026

“Paşa Həyat Sığorta” ASC, “SOCAR Polymer” MMC və “İkar-Qrup” MMC-nin (“Kəhriz Su”) sponsorluğu, eyni zamanda, “Azərikimya” İB, “CineMastercard” MMC və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Sumqayıt” Futbol Klubunun təşkil etdiyi Yay Futbol Düşərgəsinə yekun vurulub.

 

27 avqust tarixində start götürən və ümumilikdə 9 gün müddətində 3 qrup üzrə keçirilən düşərgənin sonuncu qrupuna daxil olan uşaqlar "Sumqayıt" Futbol Klubunun bazasında müxtəlif əyləncəli tədbirlərə qatılıb, onlar üçün müxtəlif oyunlar, müsabiqələr, ekskursiyalar təşkil olunub. Düşərgənin sonuncu günündə isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun konfrans zalında bağlanış tədbiri keçirilib. 

 

Tədbirdə "SOCAR Polymer" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Allahverdiyev, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Zaur Əlizadə, "Sumqayıt" Futbol Klubunun Media və Marketinq departamentinin rəisi Zaur Xudiyev və digər qonaqlar iştirak ediblər. 

 

Tədbir iştirakçıları layihənin önəm və vacibliyi haqqında çıxışlar edib. Daha sonra bütün düşərgə iştirakçılarına "Sumqayıt" Futbol Klubunun, həmçinin sponsorların hazırladığı xüsusi hədiyyələr və diplomlar təqdim edilib. 

 

Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən məktəb və liseylərin 100-ə yaxın oğlan və qız şagirdi iştirak edib.

 

Qeyd edək ki, 2014-cü ildən "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu və "Azərikimya" İB-nin dəstəyi ilə keçirilən layihədə bu müddət ərzində 1200-dən çox məktəbli bu seminarın iştirakçısı olub.