“Yenilməzlər” Sumqayıtda – Zəfər qəhrəmanları yenidən eyni meydanda
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, 44 günlük Vətən müharibəsi veteranları arasında keçirilən I Respublika “Yenilməzlər” mini-futbol turnirinin növbəti oyunu Sumqayıtda baş tutub. “Sumqayıt” Futbol Klubu və “Yaşa Azərbaycan!” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 44 günlük Vətən müharibəsi veteranlarından ibarət komanda ilə futbol klubunun veteranları üz-üzə gəlib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində “Sumqayıt” Futbol Klubunun vitse-prezidenti Aydın Xəlilov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova, həmçinin “YAŞA Azərbaycan”ın direktoru, layihənin müəllifi və rəhbəri Şahanə Quluzadə çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, “Yenilməzlər” layihəsi yalnız idman yarışı deyil, həm də Vətən müharibəsi veteranlarına göstərilən hörmətin, onların ictimai həyatda fəal iştirakının dəstəklənməsinin və Zəfər ruhunun gələcək nəsillərə ötürülməsinin mühüm nümunəsidir.
Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və müharibə veteranlarına dövlət qayğısı daim xüsusi diqqət mərkəzində saxlanılır. “Yenilməzlər” layihəsi də bu siyasətin ruhuna uyğun olaraq, Azərbaycanın müxtəlif bölgələrində veteranlarımızı bir araya gətirməyi, onların ictimai həyatda fəal iştirakını dəstəkləməyi və şanlı döyüş yolunun daim ictimai diqqət mərkəzində saxlanılmasını qarşıya məqsəd qoyur.
Tədbirdə Azərikimya İstehsalat Birliyinin baş direktorunun müşaviri Emin İsmayılov, “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, İdman Direktoru Faiq Hacı – Məhərrəmov, Futbol Akademiyasının direktoru Adil Şükürov və bir sıra digər klub rəsmiləri, həmçinin “YAŞA Azərbaycan” layihəsinin əməliyyatlar üzrə direktoru Anastasiya Lavrina, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Eyvaz Qocayev, futbol veteranları komandasının rəhbəri və müharibə iştirakçısı Həsən Yaqubov, eləcə də digər rəsmi şəxslər, futbol ictimaiyyətinin nümayəndələri və veteranlar iştirak ediblər.
Fəxri qonaq Hicran Hüseynova simvolik ilk zərbə ilə qarşılaşmanı açıq elan edib.
Görüşün xüsusi məqamlarından biri həmrəyliyin birbaşa futbol meydanında nümayiş etdirilməsi olub. “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev futbol veteranlarından ibarət komandanın heyətində meydana çıxıb. Öz növbəsində, təşkilatçıların qarşılıqlı razılığı ilə klubun baş məşqçisi Filipe Kandido və Təhlükəsizlik Xidmətinin rəhbəri Elnur İbişov 44 günlük Vətən müharibəsi veteranlarının komandasına qoşulublar. Bu addım görüşün əsas ideyalarından birini – veteranlarımıza birlik və həmrəyliyi simvolik şəkildə ifadə edib.
Qarşılaşma qarşılıqlı hörmət, sağlam rəqabət və yüksək komanda ruhu şəraitində keçib. Görüşün əsas məqsədi veteranlar arasında həmrəyliyin gücləndirilməsi, onların ictimai və idman həyatında fəal iştirakına dəstək göstərilməsi, eləcə də 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərin və onun iştirakçılarının qəhrəmanlıq irsinin yaşadılması olub.
Futbol matçından sonra tədbir səmimi və dostluq şəraitində təşkil olunan çay süfrəsi ilə davam edib. Veteranlar, qonaqlar və təşkilatçılar xatirələrini bölüşüb, fikir mübadiləsi aparıb və gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Görüş bir daha göstərib ki, “Yenilməzlər” yalnız idman layihəsi deyil, həm də veteranları bir araya gətirən, döyüş yoldaşlığı ruhunu yaşadan və yeni birgə təşəbbüslər üçün imkanlar yaradan mühüm platformadır.


