×

Şəhid Rəhman Məmmədovun xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilib

13 May 2023

“Sumqayıt” Futbol Klubu və “Azərikimya” İB-nin təşkilatçılığı ilə mayın 12-də şəhid Rəhman Məmmədovun xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilib. “Kapital Bank Arena”da baş tutan yarışda “Ərgünəş”, “Polad Həşimov” FK, İOEUGİM və “Sumqayıt” FK iştirak edib. Oyunlar başa çatdıqdan sonra turnir iştirakçıları diplom və medallarla təltif olunub. Mükafatlandırma mərasimində şəhid Rəhman Məmmədovun valideynləri – Natiq Məmmədov və Səadət Məmmədova, “Sumqayıt” FK-nın vitse-prezidenti Aydın Xəlilov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Tərlan Hacızadə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri İman Ağayev, veteran futbolçular – Abdulla Məmmədov, Telman Salahov, şəhidin döyüş yoldaşları, dostları və məşq yoldaşları iştirak edib.

 

Qeyd edək ki, “Sumqayıt” Futbol Akademiyasının yetirməsi olmuş Rəhman Məmmədov 1997-ci il fevralın 13-də anadan olub. R. Məmmədov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin aprel döyüşlərində də iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da – qələbəyə saatlar qalmış Şuşa döyüşləri zamanı şəhid olub. Rəhman Məmmədov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.