×

“Futbol Düşərgəsi” layihəsi keçirilib

21 Noyabr 2023

“Paşa Həyat Sığorta” ASC və “İkar-Qrup” MMC-nin (“Kəhriz Su”) sponsorluğu, eyni zamanda, “Azərikimya” İB-nin dəstəyi, "Sumqayıt" Futbol Klubu və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə “Futbol Düşərgəsi" layihəsinə yekun vurulub. 16 noyabr tarixində start götürən və 5 gün müddətində 2 qrup üzrə keçirilən layihədə Sumqayıt şəhərinin məktəb və liseylərində təhsil alan uşaqlar "Sumqayıt" Futbol Klubunun bazasında müxtəlif əyləncəli tədbirlərə qatılıb, onlar üçün müxtəlif oyunlar, müsabiqələr, ekskursiyalar təşkil olunub.

 

Layihənin sonuncu günündə isə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında bağlanış tədbiri keçirilib. Tədbirdə YAP-ın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, millət vəkilləri - Müşfiq Məmmədli, Emin Hacıyev, "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyev, klubun vitse-prezidenti Aydın Xəlilov və digər qonaqlar iştirak ediblər.

 

Tədbir iştirakçıları layihənin önəm və vacibliyi haqqında çıxışlar etdikdən sonra iştirakçılar tərəfindən maraqlı kompozisiyalar nümayiş etdirilib. Daha sonra bütün düşərgə iştirakçılarına "Sumqayıt" Futbol Klubunun, həmçinin sponsorların hazırladığı xüsusi hədiyyələr və diplomlar təqdim edilib.

 

Ümumilikdə bu layihədə Sumqayıtda yerləşən məktəb və liseylərin 100-dən artıq oğlan və qız şagirdi iştirak edib.

 

Qeyd edək ki, 2014-cü ildən "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu və "Azərikimya" İB-nin dəstəyi ilə keçirilən layihədə bu müddət ərzində 800-dən çox məktəbli bu seminarın iştirakçısı olub.