14/01/2021

"Sumqayıt" FK yoxlama oyununda "Qəbələ" ilə heç-heçə edib


Azərbaycan Premyer Liqasının ikinci yarısı üçün qış təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" FK bu gün ikinci yoxlama oyununda qüvvəsini sınayıb. Ayxan Abbasovun yetirmələri "Kapital Bank Arena"da "Qəbələ" ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Komandamızın yeganə qolunu 24-cü dəqiqədə Murad Xaçayev rəqib qapısından keçirib.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bu gün “Kapital Bank Arena”da təlim-məşq toplanışı çərçivəsində “Qəbələ” ilə son yoxlama oyunumuzu keçirdik. Futbolçularımızın meydanda fiziki cəhətdən hərəkətliliyi bizim üçün vacib amillərdən idi. Həftə ərzində keçirilən məşqlərdə də yüklənmələr kifayət qədər olub. Futbolçularımızın bir neçəsi komandaya yeni qoşulub. Ona görə bu həftə taktiki baxımdan bizim üçün önəmli olacaq. “Keşlə” ilə 14-cü turda bizi çətin oyun gözləyir. Qarşılaşmaya qədər səhvlərimiz üzərində çalışıb, oyuna tam şəkildə hazır olacağıq".