07/08/2021

"Sumqayıt" FK yoxlama oyununda "Zirə" üzərində qələbə qazanıb


2021/22 mövsümü üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" FK bu gün yoxlama oyunu keçirib. Komandamız "Kapital Bank Arena"da "Zirə" ilə qarşılaşıb. Ayxan Abbasovun yetirmələri Əli Qurbaninin 59-cu dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "UEFA Konfrans Liqasında mübarizənı dayandırdıqdan sonra bütün komanda olaraq Premyer Liqanın startına köklənmişik. İlk tur öncəsi bu yoxlama oyunu bizim üçün olduqca vacib idi. “Zirə” ilə matça bütün futbolçularımı iş başında görməklə onların son durumlarının hansı səviyyədə olduğunu izlədik. Sevindirici haldır ki, ağır təlim-məşq toplanışı və vacib avrokubok qarşılaşmalarından sonra komandam yorğun olsa da, ümumi yükləmələrin öhdəsindən gəldi. Növbəti həftəyə qədər daha da hazır olmağa çalışacağıq".