05/07/2021

"Sumqayıt" FK ilk yoxlama oyununda "Keçiörengücü" ilə qarşılaşıb


2021/22 mövsümünün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən "Sumqayıt" FK bu gün ilk yoxlama oyununu keçirib. Ayxan Abbasovun yetirmələri TFF 1-ci liqa təmsilçisi "Keçiörengücü" ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 17:30-da Qızılcahamam mərkəzi stadionunda keçirilən matçda komandamız 1:2 hesabı ilə məğlub olub.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): “İyulun 2-də başladığımız Türkiyə toplanışında bu gün ilk yoxlama oyunumuzu keçirdik. Ümumilikdə götürsək, iki fərqli hissə izlədik. 90 dəqiqədə bütün futbolçularımın hazırlıq səviyyələrini görmək istəyirdim. Uşaqların yorğun olmaqlarına baxmayaraq, meydançanın hər qarışı uğrunda yaxşı mübarizə getdi. Səhvlərimiz var, çalışacağıq ki, növbəti oyunlarda həmin səhvləri aradan qaldıraq və toplanışın sonunda tam hazır vəziyyətdə Sumqayıta qayıdaq”.