29/08/2021

"Sumqayıt" FK "Keşlə" ilə yoxlama oyunu keçirib


Yoxlama oyunu
"Sumqayıt" - "Keşlə" 2:3
Qollar:
Elvin Məmmədov, 42 (p.); Xəzər Mahmudov, 72 - Anatole Abanq, 34; Amil Yunanov, 66; 75.

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" FK bu gün yoxlama oyunu keçirib. Ayxan Abbasovun yetirmələri "ASK Arena"da "Keşlə" ilə qarşılaşıb. Komandamız 2:3 hesabı ilə məğlub olub. Qarşılaşmada "Sumqayıt" FK-nın qollarını Elvin Məmmədov və Xəzər Mahmudov vurub.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): “Bildiyiniz kimi, hazırda milli komandanın oyunlarına görə çempionatda fasilə yaranıb. Bizim də 6 futbolçumuz “A” millinin, 2 futbolçumuz isə U-21-in düşərgəsindədir. Yaranmış bu fasiləni biz də səmərəli şəkildə dəyərləndirmək istəyirik. Bu müddət üçün iki yoxlama oyunu planlaşdırmışdıq ki, onların birincisini bu gün “Keşlə”yə qarşı keçirdik. Geridə qalan iki turda iştirak etməyən və az vaxt alan futbolçuları bu gün meydana buraxdıq ki, onları da 90 dəqiqə ərzində iş başında görək. Əvəzedici komandanın gənc futbolçularına da bu gün şans verdik. Onlar da oyunun tempinə rahat uyğunlaşa bildilər. Maraqlı oyun oldu. Futbolçularımın istəkli, əzmkar olmasından razı qaldım”.